Hikmət Hacıyev: "Danışıqlarda Ermənistanın heç bir şərti qəbul olunmayacaq"
İyulun 11-də Belçikanın Brüssel şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutacaq.
APA TV-nin xəbərinə görə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra iki ölkənin baş diplomatları arasında keçirilən ilk görüş olacaq.
Görüşdə nələr gözlənilir? Hansı nəticələr əldə olunacaq? Azərbaycan tərəfi yeni təkliflərlə çıxış edəcəkmi?
XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib ki, görüşdə nazirlərlə yanaşı, ATƏT-in həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də iştirakı nəzərdə tutulur: "Danışıqlar prosesinin formatı və gündəliyi hər kəsə bəllidir. Ermənistan tərəfindən isə ziddiyyətli, biri digərini təkzib edən bəyanatlar verilir. Bu qəbildən olan bəyanatlar daha çox daxili istehlaka yönəlib. Ermənistanda hakimiyyətdə olan yeni qüvvələr özlərinin reytinq yüksəkliyini saxlamaq üçün müharibə ritorikasına təsir edən bu kimi açıqlamalar verirlər".
Hikmət Hacıyev qeyd edib ki, bu münaqişənin fundamental prinsipi işğal və təcavüz faktıdır: "Yəni Ermənistan tərəfindən güc tətbiq olunaraq ərazilərimiz işğal olunub və Ermənistan buna görə məsuliyyət daşıyır. Məsuliyyət daşıdığına görə də Ermənistan beynəlxalq hüquq normalarına əsasən danışıqların tərkib hissəsidir. Onlar özləri də bunu etiraf etdilər. 11 iyulda keçiriləcək görüş də bunun bariz nümunəsidir. Azərbaycan tərəfi Ermənistanın danışıqlar prosesində hər hansı bir şərt qoymasını qəbul etmir. Danışıqların əsasını isə BMT TŞ-nın qətnamələri təşkil edir".
XİN rəsmisi Azərbaycanın danışıqlarda yeni təkliflərlə çıxıb edib-etməyəcəyinə də aydınlıq gətirib: "Danışıqlarda yeni bir təklifə ehtiyac yoxdur. Format və gündəlik hər kəsə bəllidir. Danışıqların hansı məcrada gedəcəyini, gündəliyini beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Ermənistan çox yaxşı bilir".
Hikmət Hacıyev iyulun 5-də Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən yeni qətnamə ilə əlaqədar açıqlama da verib: "Ümumiyyətlə, Avropa İttifaq ilə Azərbaycan arasında əlaqələr dinamik surətdə inkişaf edir. Məsləhətləşmələr davam edir. 2017-ci ilin fevralında dövlət başçısının Brüsselə səfəri Aİ və Azərbaycan arasında əlaqələrində yeni səhifə açıb. Əldə olunan nailiyyətlərin göstəricisidir ki, bu gün Aİ ilə ölkəmiz arasında strateji əməkdaşlığa dair saziş müzakirə olunmaqdadır. Təəssüflər olsun ki, Avropa Parlamentində bir sıra qüvvələr var ki, onlar Aİ maraqları çərçivəsində deyil, öz maraqları çərçivəsində çıxış edirlər. Əgər onlar düşünürlərsə ki, bu cür vasitələrlə bizim əlaqələrə zərər gətirə bilərlər, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Təbii ki, Avropa parlamentində bizim dostlarımızın da sayı çoxdur. Buna baxmayaraq, bəzi qüvvələr Azərbaycan-Aİ əlaqələrində maraqlı deyillər".
Hikmət Hacıyev bütün maneçilik cəhdlərinə rəğmən, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub