Azərbaycan diplomatları cəbhə xəttində olublar

Xarici İşlər Nazirliyinin bir qrup əməkdaşı 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təmas xəttində yerləşən Tərtərdə olub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, diplomatlar cəbhə xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə tanış olublar.

 

Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış "Marağa-150" abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə və dağıntıya məruz qalmış Qapanlı kəndində oldular.

 

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bu səfərin həm də Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf etdiyini deyib: "Burada olmağımızın rəmzi bir mənası da var ki, Ağdərənin işğalının 25 illiyi əsnasında  bizim diplomatlarımız, əsgərlərimiz hər bir Azərbaycan vətəndaşı ölkəmizin torpaqlarının azad edilməsi məsələsində həmrəydir".

 

Daha sonra diplomatlar ön xətdə əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər.

 

Diplomatlar Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər. XİN əməkdaşları səfər zamanı əldə edilən əyani məlumatların gələcək fəaliyyətlərində onlara lazım olacağını bildiriblər.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR