Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur
Hacıqabul rayonunda 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
APA TV-nin xəbərinə görə, bunlar yenidən qurulması yekunlaşmaq üzrə olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, tikinti layihəsinə uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılıb. Bundan başqa, layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Texnoloji ardıcıllığa əsasən növbəti mərhələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kv. m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.
Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub