"Təhsil haqqında" qanun dəyişdi - HANSI YENİLİKLƏR VAR?
Azərbaycan prezidenti İlham Əliyev iyulun 5-də “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
APA TV-nin məlumatına görə, qanunda 21 maddə üzrə 60-dan çox dəyişiklik edilib və iki yeni maddə əlavə olunub.
Təhsil Nazirliyində bu gün təşkil olunan mətbuat konfransında bildirilib ki, dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edir.
Nazirliyin aparat rəhbərinin müavini Fərzalı Qədirov bildirib ki, qanuna nəzərdə tutulan dəyişikliklər təsdiq olunarsa, 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul oluna bilərlər: “Hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul oluna bilərlər. Bu təcrübə var idi. Sentyabrın 15-dək 6 yaşı tamam olanlarla yanaşı, xüsusi komissiyaların rəyi əsasında 6 yaşı tamam olmayan – sentyabrın 16-dan dekabrın 31-ə qədər anadan olan uşaqların məktəbə qəbulu ilə bağlı prosedurlar həyata keçirirdik. Bu o demək deyil ki, o yaşda olan uşaqların hamısı kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Bu, yalnız valideynin istəyi ilə həyata keçiriləcək”.
Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımovun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklərdən biri də beynəlxalq təhsil proqramları ilə bağlıdır: “Beynəlxalq təşkilatlar, eləcə də əcnəbi ölkələr tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən, məzunlara iki və daha çox xarici ölkədə təhsil almaq hüququ verən proqramlar vasitəsilə təhsil almış abituriyentlər Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul oluna bilərlər”.
Digər dəyişiklikliyə əsasən, bu günə qədər əcnəbi ölkələrin ali təhsil müəssisələrinə müsabiqəsiz qəbul olunan beynəlxalq fənn olimpiada qalibləri Azərbaycanda da ali təhsil müəssisələrinə istədikləri ixtisas üzrə müsabiqəsiz qəbul oluna bilərlər. Respublika fənn olimpiadalarının qalibləri isə yalnız qalib olduqları, ya da ona yaxın fənn üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.
"Təhsil haqqında" qanuna edilmiş başqa bir dəyişiklik ali təhsilli şəxsin kollecə müsabiqədənkənar qəbuluna imkan yaradır. Kreditlər uyğun gələrsə, kollec məzunları da ali təhsil müəssisələrinə müsabiqəsiz qəbul oluna bilərlər. Yeni qaydalara əsasən, bakalavriat təhsilini hər hansı səbəbdən yarımçıq qoyan şəxslərə qısa müddətdə orta ixtisası bitirmək hüququ veriləcək.
Qanuna edilmiş daha bir yeniliyə əsasən, ali təhsilli mütəxəssis pedaqoji fəaliyyətlə məşğul ola bilər: “Bir sıra hallarda, məsələn, İKT sahəsi üzrə güclü mütəxəssislər var ki, pedaqoji təhsili olmadığı üçün dərs deyə bilmir. Onların fəaliyyəti təhsilin keyfiyyətinə ciddi təsir edə bilər. Onlar xüsusi qaydalar çərçivəsində prosedurlardan keçərək məktəblərdə müəllim kimi işləyə biləcəklər”.
Qanuna nəzərdə tutulan dəyişiklikləri şərh edən təhsil eksperti Kamran Əsədov APA TV-yə açıqlamasında bildirib ki, 6 yaşı tamam olmuş uşaqların birinci sinfə qəbulu ibtidai sinif müəllimlərinə tələbatı artıracaq: “Bu, bir il ərzində problem yaradacaq. Çünki bu gün 4500 ümumtəhsil müəssisəsində 151 min müəllim 1,6 milyon şagirdə tədris aparır. Amma hər il yalnız 120-130 min şagird 1-ci sinfə qəbul olunurlar. Amma Səhiyyə Nazirliyinin məlumatına görə, hər il 170-180 min uşaq dünyaya gəlir. Bu o deməkdir ki, 2019-cu ildə sıxlıq yaranacaq”.
Kamran Əsədov beynəlxalq olimpiada qaliblərinin ali məktəblərə müsabiqədən kənar qəbulu ilə bağlı qaydalara da münasibət bildirib: “Bir tədris ilində 56 nəfər müsabiqədən kənar qəbul olub. Amma təkcə 54 nəfər musiqi və idman üzrədir. Təəssüf ki, qaliblər Azərbaycanı seçmirlər. Çünki onlara istədikləri imkan yaradılmırdı. Halbuki dünya təcrübəsində qaliblərə xüsusi üstünlüklər verilir. Fənn qaliblərinə istədiyi ixtisas üzrə qəbul imkanı vermək müsbət addımdır”.
Beynəlxalq proqramlar vasitəsilə təhsil almış abituriyentlərin Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmasını şərh edən ekspert bildirib ki, bu, kütləvi hal almış repititorluğun qarşısını alacaq: “Təsəvvür edin, bu gün Azərbaycan şagirdi SAT, İELTS imtahanının nəticələri ilə dünyanın 201 ölkəsində təhsil almaq imkanına malik olur, amma həmin şəxs öz ölkəsində təhsil almaq hüququna malik olmur. Bu, azərbaycanlı gənclərin xaricə getməsinin qarşısını alacaq”.
Kamran Əsədov xidmət sahəsində çalışan şəxslərin sertifikatlaşdırılmasının da mühüm addım olduğunu bildirib. Peşə ixtisası agentliyi tərəfindən verilən sertifikatlar xidmət sektorunda keyfiyyətin artmasına gətirib çıxaracaq.
Ekspert ali məktəblərdə akademik heyətlə də bağlı ciddi dəyişikliklərin edilməsini təklif edib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub