Hüseyn Seyidzadə küçəsində təmir bitib, Mir Cəlal küçəsində davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir.

 

APA TV-nin xəbərinə görə, bu çərçivədə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb. Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri isə davam etdirilir.

 

Təmir-tikinti işləri çərçivəsində Hüseyn Seyidzadə küçəsinin 4-cü mikrorayon dairəsi və Mir Cəlal küçəsi arasında yerləşən 450 metrlik hissəsi yenidən qurulub. Burda yolun hərəkət hissəsinin eni 17 metr təşkil edir.

 

Küçə boyu asfalt-beton örtüyündə deformasiya və dağılmalar yarandığından, avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Təmir işləri zamanı bu problemi aradan qaldırmaq üçün asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsası bərpa olunub, yol kənarına 800 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

 

Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Bu çərçivədə 600 kv. m piyada səkisi asfaltlanıb. Küçə boyu 450 metr uzunluğunda yeni su xətlərinin çəkilişindən sonra hərəkət hissənin də asfaltlanması işləri aparılıb. Küçənin 7.5 min kv. m sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, 17 ədəd kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulub.

 

AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, texnoloji ardıcıllığa riayət edilməklə aparılan təmir-tikinti işlərindən sonra hərəkəti normal təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları quraşdırıldıqdan sonra Hüseyn Seyidzadə küçəsi vətəndaşların istifadəsinə verilib. Avtonəqliyyat vasitələrinin sıxlığının azalmasına hesablanan layihələrin icrası çərçivəsində paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir".

 

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndirilir. Təmir-tikinti işləri çərçivəsində küçənin 830 metrlik hissəsinə yeni asfalt-beton örtük döşənib.

 

Layihə çərçivəsində ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyyəti qurum tərəfindən yolun hərəkət hissəsi  5-6 metr enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı tunelin içi ilə çəkilir. Artıq bu işlər yolun 830 metrlik hissəsində görülərək yekunlaşdırılıb. Bundan başqa, asfalt döşənən ərazi boyu yeni su və qaz xətləri də çəkilib.

 

Küçənin digər hissəsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv. m mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq  Mir Cəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR