Sabirabadda 26 km-lik yol yenidən qurulur

Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsi əsaslı şəkildə yenidən qurulur.

 

APA TV-nin xəbərinə görə, yolun Padar-Sabirabad hissəsinin uzunluğu 26 km-dir. Sözügedən hissə müasir görkəmdə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

 

Padar-Sabirabad avtomobil yolunun asfalt-beton örtüyü aşınmaya, torpaq yatağı təbii hava şəraiti və ağır texnikaların hərəkəti altında dağılmaya məruz qalmışdı, uzun müddət ərzində təmir olunmadığından yol boyu çalalar əmələ gəlmişdi. Bunun da nəticəsində örtük dağılmaqda davam edirdi, yağış sularının axıdılması üçün maililiklər normaya uyğun deyildi və bəzi yerlərdə çökmələr-deformasiyalar yaranmışdı.

 

Bunların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib.

 

AAYDA-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yenidənqurma işləri çərçivəsində 280 min kub. m həcmdə yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, 200 min kub. m həcmdə isə yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri aparılıb. Bundan başqa karxana çınqıl materialı ilə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması, avtoqreyderlə yayılaraq kipləşdirilməsi  işləri də görülüb. Bu işlərin həcmi isə 85 min kub. m təşkil edir.

 

Tikinti norma və standartlarına uyğun olaraq yararsız vəziyyətə düşmüş suötürücü dəmir-beton boru başlıqları təmir olunub, Kür çayı və Şirvan kollektoru üzərində yerləşən körpülərin yararsız vəziyyətə düşmüş məhəccərləri və beton səki daşları yeniləri ilə əvəz edilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilən yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 720 ədəd siqnal dirəyi, 50 ədəd yol nişanı və göstəricilər, 26 ədəd km göstəricisi quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.

 

Qeyd edək ki, iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında Padar-Sabirabad avtomobil yolunun mühüm rolu var.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR