Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.
Prezident İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir: “Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanıb. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur”.
Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından biznes sahəsində fəallığın artırılmasının vacibliyini də qeyd edib. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu deyib və bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.
Xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin Azərbaycan prezidenti ilə Finlandiya prezidentinin Davosda keçirilən görüşünün məmnunluqla xatırlandığını bildirib. Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söyləyib. O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd edib və paytaxtımızda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğulayıb. Xanım Anne-Mari Viroleynin bildirib ki, ölkələrimiz ümumi tarixə malikdirlər və Azərbaycanla Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.
Görüşdə ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur layihələrində Finlandiya şirkətlərinin iştirakı, iş adamları arasında ticarət əlaqələrinin artırılması, sərmayə qoyuluşu, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub