Salyanda qadınların regional konfransı keçirilib

Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan, Neftçala, Sabirabad, Biləsuvar və Masallı rayonlarından olan qadınlarının iştirakı ilə keçirilən konfransın məqsədi rayon qadınlarının öz problem və perspektivlərini ifadə etmək üçün ictimai platforma olmaqla yanaşı, kənd qadınlarının prioritetlərinin milli dövlət siyasətində əks etdirilməsinə nail olmaqdır.

 

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

 

Konfransda rayon icmalarında daha güclü liderlik roluna sahib olmaq üçün qadınların təşviq olunması, kənd və rayon qadınlarının problemlərinin açıq müzakirəyə çıxarılması, rayon qadınlarının başqa rayonlardan gələn xanımlarla şəbəkələşməsi, yerli səviyyədə fəallıq və milli səviyyədə təmsil olunmaq üçün qadınların təcrübə mübadiləsi və strateji əməkdaşlıq üçün şərait yaradılması mövzusunda çıxışlar edilib.

 

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, "Coca-Cola"nın Qafqaz və Mərkəzi Asiya Regionu üzrə baş meneceri Eser Sevinc Manav açılış mərasimində çıxış ediblər. Daha sonra Qadın Resurs mərkəzlərinin fəaliyyət və təcrübələri haqqında təqdimatlar keçirilib.

 

Tədbir çərçivəsində Salyanda qadın biznesinə dəstək proqramının qaliblərinə sertifikatlar təqdim edilib, biznes sahəsində uğur əldə etmiş qadınlar haqqında videoçarxlar nümayiş olunub.

 

Daha sonra dəyirmi masalar ətrafında müzakirələr aparılıb və moderatorlar tərəfindən təqdimatlar keçirilib. Biznesdə uğur qazanmış qadınlar dəyirmi masalarda öz uğur hekayələrini danışıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR