Prezident İlham Əliyev: "Siz xalq və ölkə qarşısında utanmalısınız"

İyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. APA TV-nin məlumatına görə, prezident İlham Əliyev bildirib ki, Mingəçevirdə İES-də baş vermiş qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb. Lakin qısa vaxtda enerji təchizatı bərpa olunub. Qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar onun sərəncamı ilə dövlət komissiyasının yaradıldığını deyən prezident İlham Əliyev artıq komissiyanın işə başladığını vurğulayıb. Qəza baş verən anda dövlət orqanlarının vətəndaşlara kömək etməklə bağlı tapşırıqlarının öhdəsindən peşəkarlıqla gəldiklərini deyən ölkə başçısı vətəndaşlara göstərdikləri dəstəyə, həmrəyliyə və anlayışa görə təşəkkür edib.

 

Son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini deyən ölkə başçısı bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib. Sonra dövlət komissiyasının sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, "Azərenereji" ASC-nin prezidenti Etibar Pirverdiyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Daxili İşlər naziri Ramil Usubov, Səhiyyə naziri Oqtay Şirəliyev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, "Azərişıq" ASC-nin sədri Balababa Rzayev, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov, Baş prokuror Zakir Qaralov qəzanın səbəbləri, fəsadları və görülən tədbirlərlə bağlı məruzə edib.

 

Ölkə başçısı öz çıxışında yaranmış vəziyyətə görə sərt iradlarını bildirib:

 

"Bəziləri qəzanı isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir və baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi yumşaq desək, böyük səhvdir. Təkcə 15 il ərzində 2500 meqabayt gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib".

 

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması çox ciddi faktdır. Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir. Ölkə başçısı bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı yaranmış vəziyyətdə göstərdiyi köməyə görə Rusiya və Gürcüstana təşəkkür edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR