Cəlilabadda kəndlərarası yolların təmiri davam etdirilir

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.

 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 

 

Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

 

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 363 min kv. m həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 210 min kv. m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.

 

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur: “Təbii ki, tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd km göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək”.

 

Tikinti işlərinin tam olaraq payız aylarda yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR