Bakı-Xırdalan yolunda aparılan təmir-tikinti işləri başa çatdı
Bakı-Sumqayıt yolunun 6-11-ci km-lik hissəsində aparılan təmir-tikinti işləri başa çatıb.
APA TV-nin xəbərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun ilkin mərhələdə 6-11-ci km-lik hissəsində, daha dəqiqi, Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək olan hissəsində təmir-tikinti işləri aparılıb.
İyunun 27-dən başlayan yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 250 min kv. m-dən çox ərazini əhatə edib.
Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub. İşlər iki növbəli şəkildə, səhər erkən saatlardan günorta saatlarınadək və günortadan sonra gecə yarısınadək həyata keçirilib. Gündüz saatlarında isti havalar nəzərə alınaraq birbaşa günəş şüaları altında çalışan və asfalt örtüklə təmasda olan yol işçilərinə fasilələr verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib. Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb və yolun bu hissəsi müasir görkəmdə sürücülərin istifadəsinə verilib.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması işlərinin tərtib olunmuş qrafikə uyğun hissə-hissə davam etdirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub