ETSN: Qızmar temperatur diskomfortu davam edəcək - XƏBƏRDARLIQ

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. 

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37 dərəcə, Bakıda gecə 25-27, günün birinci yarısında 41 dərəcəyədək, ikinci yarısında isə 34-36 dərəcə isti olacağı gözlənilir.

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyulun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 37-42 dərəcə, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında - 11:00-dan 17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR