Məktəblilərin «Sərhəd» hərbi-idman oyunları başa çatıb
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən tədbirlər sırasında «Sərhəd» hərbi-idman oyunları xüsusi yer tutur.
APA TV-nin xəbərinə görə, bu hərbi-idman oyunları artıq ənənəyə çevrilib.
Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümünə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 34 sərhədyanı və digər rayonların 178 məktəbinin 890 şagirdi iştirak edib.
İlk iki mərhələnin yekunlarına görə 10 komanda finala vəsiqə qazanıb. Oyunların final mərhələsi iyun ayının 25-dən iyul ayının 3-dək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib.
Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışlarına keçirilib.
Final mərhələsinin yekunlarına görə, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası birinci, Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 saylı tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutublar.
Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək, “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub