Ermənistanın sabiq müdafiə naziri haqqında həbs qərarı verildi

Ermənistanın sabiq müdafiə naziri, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Mikael Arutunyan Konstitusiya quruluşunu zorakılıqla devirməkdə ittiham olunur.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Qrupunun rəhbərinin qərarına əsasən, 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb. Bu cinayət işi 2008-ci il 1-2 mart hadisələri üzrə cinayət iş ilə birləşdirilib. İş üzrə M.Arutunyanı təqsirləndirilən şəxs qismində cəlb etməyə qərar verilib.     

 

İstintaqın məlumatına görə, 2008-ci il prezident seçkiləri ərəfəsində Konstitusiyada əksini tapmış azad seçki prinsipi pozulub, nəticədə xalq öz hakimiyyətini azad seçki yolu ilə həyata keçirmək imkanından məhrum olub. Martın 1-də Müdafiə Nazirliyinin bölmələri hərbi texnika ilə Yerevanın Respublika meydanına və ətraf küçələrə çıxıb. Həmin gün, gecə vaxtı ordu və polis bölmələri silah, xüsusi vasitələr və partlayıcı qurğuların köməyi ilə silahsız nümayişçiləri meydandan çıxarmağa başlayıb. Nəticədə yüzlərlə şəxs müxtəlif bədən xəsarətləri alıb, 8 mülki şəxs və 2 polis ölüb, mitinq dağıdılıb.

 

M.Arutunyan haqqında axtarış elan olunub və qəti imkan tədbiri kimi onun həbsi barədə qərar qəbul olunub. İstintaq davam edir.

 

Xatırladaq ki, 2008-ci ilin prezident seçkiləri zamanı hazırkı baş nazir Nikol Paşinyan müxalifətin prezidentliyə namizədi Levon Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub. Hadisələrdən sonra o, gizlənib və 1 il sonra polisə təslim olub. Məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum olunan N.Paşinyan qısa müddət sonra amnistiya aktı ilə azadlığa çıxıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR