Azərbaycanda məşğulluq portalı yaradılacaq

Məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursuna başlanılıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində təşkil olunan kursun budəfəki mövzusu “Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” ilə bağlı olub.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə artıb, yoxsulluğun səviyyəsi isə 5 faiz, yəni təxminən 10 dəfə azalıb. Özünüməşğulluq proqramlarının genişləndirilməsi, eyni zamanda qanunvericiliyə edilən dəyişikliklər bu fəaliyyətin yeni mərhələyə keçməsini sürətləndirib. Ötən il 1200 ailə özünüməşğulluq proqramlarına yönəldilib. 2018-ci il üçün hədəf bu göstəricini 7 minə çatdırmaqdır.

 

Nazir həmçinin ilin sonuna qədər məşğulluq portalının istifadəyə veriləcəyini açıqlayıb: “Məşğulluq portalı bizim həyata keçirəcəyimiz əsas islahatlardan biridir. Düşünürük ki, ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portal yaradılsın və bu portala Azərbaycanda mövcud olan vakansiyalarla yanaşı, qeydiyyatdan keçmiş işsiz şəxslər barədə məlumatlar daxil edilsin. İnsanlar hər iki mexanizmdən istifadə edə biləcəklər – həm portalda vakansiyalar barədə məlumat alacaq, həm də məşğulluq mərkəzləri vasitəsilə məlumatları toplayıb, göndərişləri əldə edəcəklər. Belə bir portalın yaradılması bu sahədə şəffaflığın təmin olunması baxımından önəmlidir”.

 

Təlim kursunda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli əlillərin hüquqlarının təmin olunması ilə bağlı qanun layihəsinə diqqət çəkib. Bildirib ki, kvotaların müəyyən olunması ilə II və III qrup əlillər işlə təmin olunub. Bundan sonra qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.

 

Tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin, BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma da iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR