Müstəqil Azərbaycanda baş verən enerji qəzaları - TARİX

"Bu gecə ölkənin enerji təsərrüfatında baş vermiş qəza ikinci belə böyük hadisə kimi tarixə yazıldı". Bu fikirləri APA TV-yə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

 

Onun sözlərinə görə, ötən gecə enerji təsərrüfatında baş vermiş qəza ölkənin böyük bir ərazisini əhatə edib. Hadisə nəticəsində paytaxt Bakı ilə yanaşı, ölkənin qərb, şimal və cənub bölgəsinin və Mərkəzi Aran zonasının elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

 

Yəhya Babanlı analoji hadisənin 2002-ci ildə yaşandığına da diqqət çəkib: "Ölkə tarixində əgər müstəqillik dövrünü götürsək, belə geniş əhatəli hadisə qeydə alınmayıb. Ancaq 2002-ci ildə bir hadisə baş verib. Ondan sonra isə müxtəlif tarixlərdə də qəzalar qeydə alınıb ki, o da bütün ölkəni əhatə etməyib və kiçik həcmli olub. Ötən gecə yaşanan qəza isə gözlənilməz bir qəza oldu. Qəza nəticəsində sistem tam dondu və demək olar ki, iflic vəziyyətə düşdü. Bildiyiniz kimi, infrastruktur o qədər yüksək hala gətirilib ki, tez bir zamanda öz imkanlarımız hesabına enerji sisteminin fəaliyyəti ilk növbədə 50%, getdikcə isə 85-90% yüksəlib".

 

Müsahibimiz deyir ki, ötən illər ərzində baş verə biləcək qəzaların qarşısının alınması üçün müvafiq islahatlar həyata keçirilib: "Güclü generasiya potensialı yaradılıb. 3000 meqabayta yaxın yeni qoyuluş gücləri əldə edilib. Eyni zamanda ötürmə əgər yenilənirsə, yeni texnologiyalar tətbiq edilir. O cümlədən yarımstansiyalar yeni avadanlıqlarla təchiz edilir. 2002-ci ildə baş vermiş qəzaya diqqətsizlik səbəb olmuşdu. Səhv etmirəmsə, sistem əhəmiyyətli infrastrukturun yaxınlığında od qalanmışdı, istilik nəticəsində sistemin bir hissəsi sıradan çıxmışdı".

 

Yəhya Babanlı qeyd edib ki, gələcəkdə belə böyük həcmli hadisənin təkrarlanma ehtimalı yoxdur: "Bundan qayğılanmaq olmaz. Belə hadisələr daha da diqqətli olmağa, eləcə də imkanları ikiqat səfərbər eləməyə zəmin yaradır. Biz gözləmirdik ki, bu il Azərbaycanda son 120 ilin ən isti hava şəraitini yaşayaq. Bilirsiniz ki, hava şəraitinin istiləşməsi ilə əlaqədar abonentlərin enerjiyə olan tələbatı da artıb. Qeyd edim ki, hazırda bu rəqəm 40% təşkil edir. Nəticə də göz qabağındadır. Amma bu o demək deyil ki, havalar isti keçdikcə, bu hadisələr davamlı xarakter alacaq. Sistem artıq dayanıqlılığını bərpa edib, təhlükəsizdir. İctimaiyyətin narahatlığına elə bir səbəb yoxdur".

 

"ETSN artıq bir neçə gündür ölkədə anomal istilərin hökm sürdüyü xəbərdarlığını etmişdi. “Azərenerji” ASC qabaqlayıcı tədbir görə bilməzdimi?" sualına isə müsahibimin cavabı belə oldu: "Yox, bu fors-major haldır. Biz artıq bir neçə gündür ki, soyutma sistemləri ilə bağlı texniki tədbirlər həyata keçiririk. Yeni qurğular və yeni avadanlıqlar da sistemin təhlükəsizliyini qoruyur. Yəni ehtiyat tədbirlər görülür".

 

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma bir çox sahələrdə olduğu kimi, su təchizatına da təsir göstərib.

 

Yeri gəlmişkən, Azərbaycanda müxtəlif tarixi dövrlərdə bu sahədə verilən qərarlar respublikamızın hazırkı müstəqil elektrik enerjisi sisteminin formalaşmasını təmin olunub. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızda 3 500 MVt-a yaxın generasiya gücü işə salınıb. Hələ ötən əsrin 70-ci illərində Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının təməlinin qoyulması və tikintisinin uğurla başa çatdırılması, digər yeni generasiya güclərinin işə salınması, enerjiötürücü sistemin köklü şəkildə inkişaf etdirilməsi, enerji sisteminin səmərəli idarə olunması üçün yüksək ixtisaslı energetiklər nəslinin yetişdirilməsi tarixi nailiyyət kimi bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

 

Hazırda bütün ölkə ərazisinin elektrik enerjisi ilə təminatına görə əsas məsuliyyət Azərbaycanda ən iri enerji istehsalçısı olan “Azərenerji” ASC-nin üzərinə düşür. "Azərenerji" ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 000 kilometrdən artıqdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR