Azərenerji: "Ölkə üzrə elektrik enerjisinin verilməsi 50 faiz bərpa olunub"
"Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib".
APA TV-nın məlumatına görə, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub: "Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".
Qeyd edək ki, "Azərenerji" ASC gücləndirilmiş iş rejiminə keçib. Bu barədə açıqlama verən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, artıq Mingəçevir İES-də baş vermiş qəzanın nəticələri aradan qaldırılmaq üzrədir:
"Hazırda Bakı da daxil olmaqla ölkə üzrə bu problem 50 faiz aradan qaldırılıb. Yaxın bir neçə saat ərzində tam aradan qaldırılmasına nail ola biləcəyik".
Qaranlıq digər bir məqam belə bir halda ölkədə fəaliyyət göstərən başqa elektrik stansiyalarının xidmətindən yararlanmaq məsələsi idi. Y.Babanlının sözlərinə görə, yarımstansiyada meydana gələn problem elektrik enerjisinin istehsalatında deyil, ötürülmə və idarəedilməsində özünü göstərdiyindən digər stansiyaların işə salınmasında əngəllər yaranıb:
"Burada söhbət istehsalatdan deyil, ötürülmə və idarəedilmədən gedir. Vahid mərkəzdən idarə olunduğu üçün onun həyata keçirilməsi də mümkün deyildi".
Bu arada, Bakı Nəqliyyat Agentliyi də ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb.
Əsas diqqət iyulun 3-də səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.
Misal üçün, Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındaki, mövcüd vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək.
Həmçinin paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb, svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq