Rezidenturaya plan yerləri niyə azaldılıb? - RƏSMİ AÇIQLAMA

Bu il  Azərbaycan Tibb Universitetinin rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb.

 

APA TV-nin məlumatına görə, tələbələr hesab edir ki, bu hal universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxaracaq.

 

Bundan başqa, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb. Elə buna görə də Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin önündə aksiya keçiriblər.

 

İyunun 29-da baş tutan bu aksiyada tələbələr rezidenturaya plan yerlərinin qəfildən azaldılmasına etirazlarını bildirərək, verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər.

 

Məsələyə aydınlıq gətirmək üçün bu gün Azərbaycan Tibb Universitetinin 5 tələbəsi Səhiyyə Nazirliyinin məsul şəxsləri ilə görüşüb. Səhər saatlarında baş tutan bu görüşdə tələbələr rezidentura üçün ayrılmış plan yerlərin artırılması ilə bağlı danışıqlar aparıblar.

 

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova APA TV-yə açıqlamasında qeyd edib ki, rezidentura təhsilinin məzmunu və təşkili qaydalarına əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər: "Qanunvericiliyə görə, Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı ölkə üçün hər ixtisas üzrə həkim mütəxəssislərə ehtiyac meyarı üzrə müəyyən olunur. Azərbaycan Nazirlər Kabineti tərəfindən də bu qaydalara baxılır və təsdiq olunur. Tələbat əsasən bölgələrdə ilkin səhiyyə xidmətində çalışan həkimlərə və təcili tibbi yardımda da çalışacaq həkimlərədir ki, onların da hazırlığı rezidenturada aparılmır və baza ali tibb təhsili əsasında tutulmasına icazə verilir".

 

Ötən il 505 plan yeri bu il olan rezidenturaya qəbul bu il 332-yə endirilib. 2018-2019-cu tədris ilində plan yerlərinin 49-na məqsədli qəbul aparılacaq: "Məqsədli qəbul isə o deməkdir ki, bu qəbul üçün ayrılmış plan yeri konkret həkim mütəxəssislərinin çatışmazlığı olan yerdə və konkret səhiyyə müəssisəsində çalışacaq".

 

O ki qaldı qərarla bağlı tələbələrin gec məlumatlandırılmasına, "rezidenturaya qəbul planı barədə "Rezidentura" jurnalı var ki, onun vasitəsilə tələbələr məlumatlandırırlar. Bundan sonra biz səylərimizi daha da artıracağıq. Görüşlərimiz bundan sonra daha da intensivləşdiriləcək".

 

Təranə Əhmədovanın sözlərinə görə, rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR