Azərbaycan polisinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın dövlət himninin oxunması ilə açıq elan edilən tədbirdə DİN-in yüksək rütbəli zabitləri ilə yanaşı, bir çox ictimai xadimlər də iştirak edib.

 

Tədbirin açılış mərasimində çıxış edən Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dövlət başçısının polis qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar təbrik məktubunu oxuyub: "Hörmətli polis əməkdaşları və veteranları, sizi Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə təbrik edirəm. Bu tarix yalnız daxili işlər orqanlarının işçiləri üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir. 1918-ci il iyulun 2-də AXC hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur".

 

Daha sonra çıxış edən daxili işlər naziri Ramil Usubov polis günü münasibətilə daxili işlər orqanlarının əməkdaşlarını təbrik edib. Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstünün açıldığını qeyd edən nazir həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayının nəzərə çarpacaq dərəcədə aşağı düşdüyünü qeyd edib: "İlk növbədə qeyd edim ki, son 15 ildə polis fəaliyyətinin cəmiyyətin maraqlarına tam xidmət etməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə çoxsaylı qanun, sərəncam, fərman imzalanmışdır. O cümlədən nazirliyin strukturunun normativ və hüquqi bazasının təkmilləşdirilməsi, maddi texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi cənab prezidentin təşəbbüsü ilə 2004-cü ildə xüsusi dövlət proqramı qəbul edilərək icraya başladı".

 

Nazir bildirib ki, son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə-istintaq orqanlarına təhvil verilib və Azərbaycanda hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərərvurma, oğurluq, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə aşağı səviyyədə, bəzi hallarda isə dəfələrlə azdır.

 

Daxili işlər nazirinin çıxışından sonra 100 illik yubileylə əlaqədar təntənəli marş keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR