Trampın açıqlaması nefti ucuzlaşdırdı

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına istehsalı artırmaqla bağlı təzyiqindən sonra xam neftin qiymətləri ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, Tramp "Twitter"dəki açıqlamasında İran və Venesueladan qaynaqlanan neft kəsirinə cavab olaraq istehsalı ciddi sürətdə ən yüksək səviyyəyə çıxarmaqla bağlı Səudiyyə kralı ilə razılaşdığını bildirib.

 

Səudiyyə Ərəbistanından gündəlik 2 milyon barel artım tələb olunur. Kral bu rəqəmlə razılaşıb. Ağ Evin sahibi sonrakı açıqlamasında "OPEC-in xam neft bazarını manipulyasiya etməyi dayandırması və daha çox neft istehsal etmək lazım"dır deyib.

 

OPEC ötən ayın sonunda keçirdiyi toplantıda Rusiya və əməkdaşlıq etdiyi digər ölkələrlə birgə istehsalı 1 milyon barel artırmağa qərar vermişdi. Bu qərar qiymətlərə mənfi təsir etməmiş, əksinə, qiymətlər bahalaşmışdı. Buna səbəb toplantı iştirakçılarının hasilatın bu qədər arta biləcəyinə şübhə ilə yanaşması olmuşdu. Digər tərəfdən, OPEC-in üçüncü ən böyük neft ixracatçısı İrana sanksiya tətbiq olunub, Venesuela, Liviya və Kanadada neft hasilatında problem var. ABŞ-da xam neft ehtiyatları böyük miqdarda azalıb.

 

Trampın açıqlamaları qiymətlərə mənfi təsir edib. Bu təsirin nə qədər davam edəcəyi bəlli deyil. Hazırda "Brent" markalı neftin bir bareli 78,27 dollardan satılır. Qərbi Texas nefti isə 73,47 dollara təklif olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR