Təcili yardım stansiyasından xəbərdarlıq: GÜNƏŞ ALTINDA ÇOX QALMAYIN!
Baş ağrısı, ürəkbulanma, baş gicəllənmə, ishal, çox ağır hallarda isə huşun itirilməsi... Yay mövsümündə bu kimi əlamətlərin müşahidə olunması günvurma ilə əlaqədardır.
APA TV-nin məlumatına görə, hazırda paytaxt ərazisində davam edən anomal istilər xəstəxanalara müraciətlərin sayını kəskin artırıb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Təcili yardım operativ və hospital şöbənin böyük həkimi Nuridə Fərzəliyeva bildirib ki, mövsüm başlayandan təcili yardıma günvurma ilə bağlı 22 müraciət daxil olub: “Mövsüm başlayandan bu günə kimi günvurma ilə bağlı təcili yardıma 26 müraciət daxil olub. Xəstələrdən 12-si xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində yardım göstərilib. 26 nəfərdən 4-ü uşaqdır”.
Günəş şüaları uşaqlara və yaşlı insanlara daha çox təsir edir. Bunu nəzərə alaraq, bu yaş qrupunda olan insanların günün isti saatlarında açıq havada olmaması daha yaxşı olar: “Ən çox günvurmaya məruz qalanlar kiçik yaşlı uşaqlardır. Bu da onunla əlaqədardır ki, uşaqlarda termorequlyasiya prosesi tam formalaşmayıb. Yaşlılar isə xroniki xəstəliklərdən əziyyət çəkdikləri üçün daha çox günvurmaya məruz qalırlar”.
Nuridə Fərzəliyeva əhaliyə günün isti vaxttlarında – saat 11.00-17.00 arası uzun müddət açıq havada qalmamağı, günəşdən qorunmağı məsləhət görür. Əgər məcburiyyət varsa, ilk növbədə geyimə fikir vermək, təbii materiallardan hazırlanmış geyimlər geyinmək lazımdır. Bol maye qəbul etmək, qidalanmaya fikir vermək, yağlı xörəklərdən uzaq durmaq məsləhətdir. Təcili yardım briqadası gələnə qədər günvurmaya məruz qalan şəxsə ilkin yardım isə belə olmalıdır: “Günvurma halları daha çox açıq havada, çimərliklərdə müşahidə olunur. Bizə daxil olan müraciətlər də daha çox belə yerlərdəndir. Təcili yardım gələnə qədər gün vurmuş insanı kölgəyə çəkmək, dar paltardan azad etmək lazımdır. Bəzən bilməyərəkdən gün vurmuş insanın üzərinə soyuq su tökürlər. Su tökmək yox, sərin su çiləmək lazımdır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti anomal istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41 dərəcə isti olacağı gözlənilir. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq