Zaqatalada iş adamı qəza törətdi, dörd qadın yaralandı

Zaqatalada iş adamı idarə etdiyi maşınla yol qəzasına düşüb, 4 nəfər fəhlə xəsarət alıb.


APA TV-nin məlumatına görə, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətov idarə etdiyi “VAZ-21074” markalı 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala-Muğanlı avtomobil yolunda Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun sağ kənarındakı kolluq-ağaclıq əraziyə girib.

 

Qəza nəticəsində sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri - 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


Xəstəxanadan APA TV-yə bildirilib ki, yaralılardan Xuraman Əhmədovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır. Digər üç yaralının xəsarətləri yüngül olduğundan, onlar xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


 

Qeyd edək ki, Telman Həsrətov rayonda iş adamı kimi tanınır, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri, eləcə də 2017-ci ilin payızında təsis edilmiş Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir. Qəza zamanı avtomobildə olan qadınlar isə onun işçiləri olub.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR