Qəbələdə gənc yanğınsöndürənlərin və xilasedicilərin beynəlxalq yarışı başa çatıb

Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” VI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışların bağlanış mərasimi olub.

 

Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov Qəbələ şəhərində yarışların iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin təliminə baxış keçiriblər. Nazir Kəmaləddin Heydərov öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

 

Sonra komandalar şərti olaraq Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində baş verən yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar.

 

Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə iyunun 25-dən 30-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, gənclər 6 gün ərzində “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələləri üzrə mübarizə aparıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri Qazaxıstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakının Nizami rayonu, ikinci yerə Quba rayonu, üçüncü yerə isə Qax rayonu komandaları layiq görülüb.

 

Qonaqlar ilk üç yeri tutan komandaların iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

 

Sonda istedadlı şagirdlərin və milli rəqs qruplarının birgə konserti olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR