Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda təlimlər Azərbaycanın 2018-ci il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş İdarəsinin təşkilatçılığı ilə 27-29 iyun tarixlərində baş tutub.

 

Kompleks təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayonun Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.

 

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirlərini yerinə yetiriblər.

 

Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

 

Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 242 nəfər şəxsi heyəti və 50  ədəd texnikası, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinin ümumilikdə 60 nəfər şəxsi heyəti və 10 ədəd texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR