Sürücülük vəsiqələrinə görə rüsum artırıldı - MİLLİ MƏCLİS TƏTİLƏ ÇIXDI
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ daxil edilib.
Son iclasda cari məsələlər müzakirəsinə vaxt ayrılmayıb. İclas qanun layihələrinin təsdiqi ilə başlayıb.
İlk olaraq “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. Millət vəkilləri qanun layihəsinin lehinə səs veriblər. Bununla da Milli Məclis 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib.
Daha sonra MM bir sıra qanunlara düzəlişləri qəbul edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.
Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.
İclasda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avtonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.
Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi deputatların diqqətindən yayınmayıb. Deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib. Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq