KTN: Azərbaycanda 5 milyon hektar torpağın 40 faizi becərilir
"Milli aqrobioloji müxtəlifliyimiz nəinki ölkəmiz, eləcə də dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir".
APA TV-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi layihəsi" seminarında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Ölkənin davamlı və dayanıqlı inkişafının mövcud təbii ehtiyatların səmərəli istifadəsindən asılı olduğunu vurğulayan nazir müavini genetik ehtiyatların kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Tədbirdə bildirilib ki, ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir. Azərbaycanın aqrobioloji müxtəlifliyinə təhlükə yaradan amillərə qarşı mübarizə aparmaq məqsədilə BMT-nin İnkişaf Proqramı və Kənd Təsərrüfatı Nazirliyi Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start verib.
Layihə çərçivəsində 2018-2023-cü illər ərzində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanılması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır.
Qeyd edək ki, yeni qüvvəyə minmiş layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutudur.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq