Tramp-Putin görüşündə Suriyanın xəritəsi dəyişə bilər - ABŞ TƏKLİF HAZIRLAYIB

Donald Tramp Vladimir Putinlə Suriya məsələsində anlaşmaq istəyir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri Helsinki görüşündə rusiyalı həmkarı ilə ilk növbədə Suriya məsələsini müzakirə edəcək.


O, münaqişə bölgəsindən ABŞ hərbçilərinin çıxarılmasını təklif etmək niyyətindədir.

 

Təklif Suriyanın cənub-qərbində Suriya ordusu ilə ABŞ-ın dəstəklədiyi müxalifət arasında iğtişaşların davam etdiyi bölgələri əhatə edir. D.Tramp bu ərazilərin Bəşər Əsəd qüvvələrinə təhvil verilməsinə razılıq verəcək, əvəzində isə Rusiyanın dəstək göstərdiyi Suriya ordusu müxalifətçilərin yerləşdiyi digər bölgələrə hücumları dayandıracaq. O, həmçinin ölkənin cənub-qərbində toqquşmaların qarşısını almaq üçün neytral ərazinin yaradılmasını istəyir.

 

Xatırladaq ki, analoji plan artıq Dəməşq yaxınlığındakı Duma şəhəri uğrunda döyüşlərdə tətbiq olunub. Belə ki, hökumət qüvvələri şəhəri ələ keçirsə də, orada olan müxalifət qüvvələrinə şəhəri tərk etməyə imkan yaradıb.

  

Cənub-qərb ərazilərinin B.Əsədə qaytarılmasını D.Tramp daha əvvəl Ağ Evə səfəri zamanı  İordaniya kralı II Abdulla ilə də müzakirə edib.

 

Qeyd edək ki, sözügedən ərazidə artıq bir neçə həftədir qarşıdurmalar davam edir və Pentaqon Suriya ordusunun hücumları dayandırmayacağı təqdirdə, sərt tədbirlərə əl atacağını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR