Cüdo üzrə DİN-in açıq çempionatı keçirilib

İyunun 27-də DİN İdman Cəmiyyətində Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş güc strukturları arasında cüdo üzrə DİN-in açıq çempionatı keçirilib.

 

APA TV-nin məlumatına görə, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən video-çarx nümayiş olunub.

 

Yarış iştirakçılarını salamlayan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan polisinin 100 illiyi münasibətilə əməkdaşları təbrik edib, onlara bu çətin və şərəfli xidmətdə uğurlar arzulayıb.

 

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, dünya və Avropa çempionu Xəzər İsayev bu tədbirin idmançıların yarış təcrübələrinin artmasına əvəzsiz töhfə olduğunu bildirib.

 

Daha sonra DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev Azərbaycan polisinin daim xalqa sədaqətlə xidmət etməsindən, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanmasından danışaraq, bu layiqli xidmətin ölkə rəhbərliyi və ictimaiyyət tərəfindən qiymətini aldığını bildirib.

 

Yarışın açılış mərasimində incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və milli rəqslər əsl bayram ovqatı yaradıb.

 

Komandalar tribuna önündən keçiblər. Daha sonra yarışlara start verilib. Yarışda Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsini təmsil edən ümumilikdə 6 komandadan 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.

 

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Daxili İşlər, Fövqəladə Hallar və Müdafiə nazirliklərinin əməkdaşları qərarlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR