BANM-də Məzun günü keçirildi

Bu gün Bakı Ali Neft Məktəbində tələbələrin Məzun günü keçirilib.

 
APA TV-nin xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-nin rektoru Elmar Qasımov və ali məktəbin professor-müəllim heyəti iştirak edib.

 
Rövnəq Abdullayev bildirib ki, müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri BANM-ni seçməyə həvəsləndirir.

 
Elmar Qasımov qeyd edib ki, ötən il ali məktəb iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən  bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlanacaq. BANM-nin ötən ilki ilk məzunlarının hamısı işlə təmin olunub və bu gün həmin məzunlar SOCAR-da, Türkiyədə STAR Neft Emalı Zavodunda, "Azneft" və başqa şirkətlərdə çalışırlar.


Qəri Counz, Muxtar Babayev 2012-ci ildən BANM ilə əməkdaşlıq edən Böyük Britaniyanın Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz da məzunları təbrik ediblər.
 
Daha sonra məzunlara  diplomlar təqdim edilib. 2017/2018-ci tədris ilində ali məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə məzun olan 16 tələbəsi BANM-nin diplomunu, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə məzun olan 35 nəfər və "Kimya mühəndisliyi" ixtisası üzrə məzun olan 41 nəfər tələbə isə BANM-nin və Heriot Vatt Universitetinin diplomlarını alıb.

  

Tədbir bədii hissə ilə davam edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR