"Taliban" Bakıda: Əfqanıstan rəsmiləri ilə danışıqlar başladı

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başlayıb.

 

APA TV-nin məlumatına görə, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən olan nümayəndələrin iştirakı ilə Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları aparılacaq.


Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

 

Tədbirdən öncə jurnalistlərə açıqlama verən nümayəndə, "Taliban"ın hakimiyyəti dövründə Əfqanıstanın Pakistandakı səfiri olmuş Əbdülsələm Zəif danışıqların növbəti mərhələsindən gözlədiyi nəticələr barədə məlumat verib: "Bu gün Bakıda keçirilən toplantının Əfqanıstan münaqişəsi baxımından çox faydalı olacağını düşünürəm. Eyni zamanda Əfqanıstandakı seçkilər, hərbi əməliyyatlar da müzakirə ediləcək. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq".

 

Qeyd edək ki, Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası da Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR