Ruhani: "ABŞ-ın təhdidlərinə qarşı üç çıxış yolumuz var"

ABŞ BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv olan ölkələri İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ-ın qurumdakı daimi nümayəndəsinin müavini Conatan Koen bildirib.

 

"TŞ-nın qərarlarını daim pozan ölkə ilə üzləşdikdə müvafiq siyasətin yürüdülməsi çox vacibdir. Məhz buna  görə Şura üzvlərini bizə qoşulmağa, İranın bölgədə zərərli davranışlarına qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. ABŞ İranın yaratdığı təhlükələrlə əlaqədar Şura üzvləri ilə işləməyə daim hazırdır" - deyə C.Koen vurğulayıb.


İran prezidenti isə öz növbəsində ABŞ-ı növbəti dəfə hədələyib.

Həsən Ruhani bildirib ki, İran hökumətinin qorxacağını, istefa verib çəkiləcəyini düşünənlər səhv edir: "Bu gün ABŞ-ın hədələri qarşısında üç çıxış yolumuz var. Birinci yol  ABŞ-a təslim olmaq və Donald Trampın dediyi hər şeyi qəbul etməkdir. Heç bir ağıllı, vətənini sevən iranlı təzyiqlər, zülm, yersiz sözlər və təhqirlərlə dolu olan bu çıxış yolunu  qəbul etməz. İkinci çıxış yolu  budur ki, biz ABŞ-a müqavimət göstərək, lakin eyni zamanda ölkə daxilində olan  ixtilaf və davalarımızı da davam etdirək. Bu İran xalqına, xüsusi ilə cəmiyyətin yoxsul təbəqəsinə ən böyük ziyan vurar. Üçüncü yol isə budur ki, ABŞ-a təslim olmuruq, izzətimizi qoruyuruq  və ABŞ-ı diz çökdürürük".

 

H.Ruhani qeyd edib ki, bu gün iqtisadiyyata dair 4-5 illik xüsusi proqram hazırlanmalıdır: "İşsizlik problemi, yoxsulluqla mübarizə, bazar və istehsalın tənzimlənməsi üçün bu proqramı icra etməliyik. Bu dörd məsələ əsasdır və onları həll edə bilsək, uğur qazanacağıq".

Xatırladaq ki, Tehranda iqtisadi böhranın davam etməsi və dolların bahalaşması ilə əlaqədar aksiyalar keçirilir, vətəndaşlarla polis arasında toqquşmalar yaşanır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR