Azərbaycan prezidenti İran nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev, eyni zamanda, ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin də çox uğurla keçirildiyini və İran ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyib. İranın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ictimaiyyətinin də öz növbəsində İran Mədəniyyət Günlərini səbirsizliklə gözlədiyini qeyd edib. Prezident İlham Əliyev həm özünün, həm İran Prezidenti Həsən Ruhaninin dedikləri “Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mədəni əlaqələrimizdir” fikrini məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. Bu münasibətlərin gündəliyində duran bütün məsələlər öz həllini tapıb və bu gün əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçısı İran mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini deyib.
Seyid Abbas Salehi İran prezidenti Həsən Ruhaninin ən səmimi salamlarını dövlət başçısına çatdırıb. O bildirib ki, İran prezidenti İranla Azərbaycan arasında inkişaf edən əlaqələrin gündən-günə möhkəmlənəcəyinə əmindir. Qonaq İran Mədəniyyət Günlərinin başlanğıcında Azərbaycana səfər etməsindən məmnunluğunu qeyd edərək bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. O, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İran prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq