Ordumuzun ilk hərbi operatoru Seyidağa Mövsümov dünyasını dəyişib
Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümov vəfat edib. APA TV-nin xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, Seyidağa Mövsümov 1954-cü ildə Ucar rayonunda anadan olub. O, bir müddət Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyət göstərib və bir sıra televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub.
Xalqımız S.Mövsümovu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S.Mövsümov xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.
1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator kimi işə başlayıb. Onun ən böyük xidmətlərindən biri isə 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiyi insanlığa sığmayan dəhşəti lentə almasıdır.
2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışan S.Mövsümov 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq