DGK "Sınıq Körpü"yə media-tur təşkil edib
Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan-Gürcüstan sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna səfəri təşkil edilib.
APA TV xəbər verir ki, media-turun təşkil edilməsində məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov jurnalistlərə açıqlamasında bildirib ki, "Sınıq Körpü" gömrük postunun yaxınlığında tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası tezliklə yekunlaşacaq. Bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində tikilir. Bununla da "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində mal və nəqliyyat vasitələrinin sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaranacaq.
Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib ki, 2018-ci ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib. Gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır.
Onun sözlərinə görə, Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır: “Mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq. Artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır”.
Gömrük rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında yerləşən "Sadıxlı" gömrük postunda beynəlxalq standartlara uyğun yeni gömrük postunun tikintisinə tezliklə başlanacaq: “Artıq bununla bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə gömrük postunun tikintisinə başlanacaq. Birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa, digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq