Əli Həsənov: "Bu il 1,4 ton narkotik vasitə dövriyyədən çıxarılıb"

"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, konfrans 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunub.

 

Tədbirdə baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən komissiyanın sədri Əli Həsənov son dövrlərdə narkotik vasitələrin daşınması üçün tranzit ölkə olan Azərbaycanda narkomaniya ilə mübarizə aparmaq üçün hüquqi baza yaradıldığını diqqətə çatdırıb. O, həmçinin işğal olunmuş ərazilərimizdə Ermənistan dövləti tərəfindən narkotik vasitələrin daşınmasının həyata keçirildiyini vurğulayıb.

 

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, nazirlik tərəfindən narkomaniyaya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində keçirilən tədbirlər öz bəhrəsini verir.

 

Tədbir barədə jurnalistlərə açıqlama verən komissiyanın sədri Əli Həsənov narkomaniya ilə mübarizə üçün kifayət qədər vəsaitə malik olduqlarını deyib: "Mən xüsusilə qeyd etmək istəyirəm ki, son illər Azərbaycan hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin qeyri qanuni dövriyyədən çıxarılması halları artıb. Bu sahədə aparılan mübarizə aktivləşib. Qurumlar tərəfindən götürmə və çıxarılma artıb. Bu ilin 5 ayında 1 ton 400 kiloqrama qədər müxtəlif narkotik vasitələr müsadirə edilib. Bu rəqəmin 700 kiloqramı Dövlət Gömrük Komitəsinin , 560 kiloqramı isə Daxili İşlər Nazirliyinin payına düşür".

 

Tədbirin sonunda isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkil etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR