Xaçmazda fermerlər biçin üçün texnika tələb edir
Xaçmazda arpa və taxıl biçiminə başlanılıb. APA TV-nin şimal bürosunun məlumatına görə, biçimi vaxtında və itkisiz aparmaq üçün kombayn problemi var.
Fermerlər bildirir ki, texnika problemi məhsuldarlığa ciddi təsir edir. Şikayətçi Firuz Əmirov deyir ki, kombayn almaq üçün on gün əvvəl müraciət edib: "15 hektara yaxın arpa əkmişəm, 10 gündür kombayn üçün müraciət etmişəm, bu vaxta kimi gəlib çıxmayıb. Arpa da tökülüb gedir yerə. Biçim gecikir, əslində iyunun 10-dan başlamalı idik. Texnika olmadığına görə qalıb. Müraciət edirəm, deyirlər 2 gün gözlə, 2 gün gözlə. Nə qədər gözləməliyəm, taxılım yerdə olandan sonra texnika nəyimə lazımdır? Artıq məhsulun 50 faizi gedib".
İmran Bayramov hələ bir hektar belə məhsul biçmədiyini deyir: "10 hektar yer əkmişəm, heç 1 hektarını da biçdirməmişəm. Arpa bu ayın 10-da biçilməli idi. Arpa da tökülür, buğda da tökülür. Müraciət etmişəm, hələ ki, cavab yoxdur".
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev problemdən xəbərdar olduğunu deyir. Onun sözlərinə görə, ümumilikdə ölkədə texnika çatışmazlığı var:
"Xaçmazda 23 min hektardan çox taxıl sahəsi var ki, bunun da 5800 hektarı arpadır. Bu günə olan məlumata görə, arpa sahələrinin 4000 hektarından çoxu yığılıb. Arpa biçinini yekunlaşdırsaq, buğda biçinini sürətlə aparacağıq. Arpa yığılan sahələr yağış nəticəsində yerə yatdığına görə yığımında çətinlik var. Buğda sahələrində bu problem olmadığına görə bu sahələrdə problem olmur".
Rafiq Tağıyevin sözlərinə görə, artıq gələn həftədən etibarən kombayn problemi olmayacaq. Hər gün Aran rayonlarından kombaynlar gəlir və bu problem növbəti həftədən öz həllini tapacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq