Muharrem İncə: “Məğlub olmuşam, nəticəni qəbul edirəm”
Türkiyə prezidentliyinə namizəd Muharrem İncə seçkilərin nəticələri açıqlandıqdan sonra ilk dəfə jurnalistlərə açıqlama verib.
APA TV-nin xəbərinə görə, o, gecə saatlarında Yüksək Seçim Kurulunda girov götürülməsi, yaxud prezident Ərdoğanla görüşməsi barədə xəbərləri təkzib edib.
Muharrem İncə bildirib ki, bütün bunlar sosial mediada gəzən uydurmalardır: “Sosial mediada gəzən söhbətlər bir neçə şizofrenin uydurmasıdır. Belə şeylər olmayıb. Saraya getmişəm, ora getmişəm, bura getmişəm, bunlar boş söhbətlərdir. İkincisi, 15 milyon vətəndaşımız bizə səs verdi. Hədəfimiz bu rəqəmi 30 milyona çıxarmaqdır. Əgər 15 milyon nəfər səs veribsə, bu rəqəm qısa müddətdə 30 milyon ola bilər. Buna çalışacağam. Cənab Ərdoğan, xahiş edirəm, artıq AKP sədri kimi davranmayın. Mənim şüarımdan istifadə etməyi tövsiyə edirəm. Artıq hamımızın prezidenti olun”.
Muharrem İncə axşam media təmsilçiləri ilə görüşməməsinin səbəbləri də açıqlayıb: “Mən medianın qarşısına çıxacaqdım. Hətta beşə 10 dəqiqə qalmış Yüksək Seçim Kurulunun qarşısına getdim. Amma bir həqiqət var - səslərimizi oğurlayıblarmı? Bəli, oğurlayıblar. 10 milyon səs oğurlayıblar? Xeyr. Seçkilərin nəticələrini qəbul edirəm. Əgər bir yarışa qatılırsansa, rəqibini təbrik etməlisən, yoxsa yarışa getməyə dəyməz. Yenidən hazırlaşacağıq. Arada on milyon səs fərqi var, bunu gözlərimlə görmək istədim. Qaçmamışıq, bizi təhdid etməyiblər. Sadəcə mövqeyimin tvitlərlə açıqlanması yaxşı olmadı. Nəticəni kresloda oturaraq deyil, gözlərimlə görmək istədim. Seçkilərin ikinci tura qalması ehtimalı vardı. Bunun baş verməsini gözlədim. Təəssüf ki, digər müxalifət partiyaları az səs topladı. 1977-ci ildən bəri ilk dəfə 30 faiz baryerini keçmişik. Əgər digər müxalifət partiyaları səslərini artıra bilsəydilər, seçkilərin ikinci turu qaçılmaz olacaqdı”.
Muharrem İncə CHP sədri Kamal Kılıçdaroğlu ilə telefonla danışdığını, hələlik üz-üzə görüşmədiyini deyib: “Kılıçdaroğlu ilə telefonla danışdıq. Hələ üz-üzə gəlməmişik, amma mütləq görüşəcəyik. Türkiyənin demokratiya əlaqəsi qopmuşdur. Parlament sistemi ilə əlaqəsi qopub. Artıq tək adam rejimi bərqərar olub. Seçki protokollarına əsasən məğlub olmuşuq, əgər belədirsə, nəticə ilə barışmaqdan başqa əlimizdən nə gəlir? Yox mən nəticələrlə barışmıram deməyin demokratiya ilə nə əlaqəsi ola bilər? Əgər fərq 0,1 faiz olsaydı, deyərdim ki küçələrə çıxın”.
O, həmçinin siyasətdən getməyəcəyini vurğulayıb: “41 il sonra 30 faizlik bir baryeri keçən İncə siyasətdən ayrılarmı? Yoxsa siyasətə davam edər? Cavabl pzünüz düşünün. Ərdoğanla da görüşməmişəm. Bu, sosial medianın yalanlarından biridir. Dünən axşam Ərdoğanla əlləşmək hayında deyildim, protokollarla əlləşirdim”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq