Daşkəsən su altında: kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi
Daşkəsən rayonuna sel gəlib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, sel suları Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndlərində çox ciddi fəsadlar yaradıb.
Təbii fəlakət nəticəsində rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ziyan dəyib.
Kəndlərin ərazisindəki körpülər, yollar və obyektlər daha çox zərər görüb. Təzəkənd kəndi ərazisində su keçid körpüləri tamamilə dağıdıb. Sel Xoşbulaq kəndi ərazisində kəndi iki hissəyə ayıran körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşkləri və çay kənarında yerləşən bir neçə fərdi yaşayış evini yararsız hala salıb, bir çox yaşayış evlərini su basıb.
Qaraqullar kəndində isə sel suları kəndlərarası avtomobil yolunu sıradan çıxarıb, bir neçə avtomobil kənddən keçən çay sularının içində qalıb. Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib. Xeyli elektrik və rabitə dayaqları, 5 ədəd elektrik transformatoru sıradan çıxıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb və yararsız vəziyyətə düşüb.
Hadisə ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətində operativ qərargah yaradıb, təbii fəlakət yerlərinə baxış keçirilib. Qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.
Hazırda operativ qərargah tərəfindən daxili imkanlar hesabına vətəndaşlara lazımi köməklik göstərilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq