Lənkəranda avtomobil aşdı, köməyə gələn sürücü piyadanı vurdu - 1 ÖLÜ, 3 YARALI

Lənkəran və Lerik rayonları ərazisində baş verən iki yol qəzası zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, ilk hadisə Lənkəran-Lerik yolunun Lerik rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Lənkəran sakini, 32 yaşlı Ceyhun Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

 

Nəticədə sürücü C.Abdullayev, həmçinin onun sərnişinləri 62 yaşlı Nurəli Əliyev və Zəngilan rayon sakini, 62 yaşlı Xanoğlan Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Avtoqəza zamanı xəsarət alanlardan biri digər bir Lənkəran sakinini kömək məqsədilə hadisə yerinə çağırıb. Köməyə gələn şəxs isə yol qəzası baş verən əraziyə tez çatmaq üçün idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmin ünvana tələsib. Yüksək sürətlə idarə olunan avtomobil Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində kənd sakini, 54 yaşlı Əliməmməd Şükürovu vurub.

 

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, ağır xəsarət alan Ə.Şükürovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR