Zaqatalada məktəbli dağdan yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR

Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəblilərdən biri yüksək dağlıq-meşəlik ərazidə dərəyə yıxılaraq ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, bədbəxt hadisə iyunun 24-də günorta saatlarında baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Şəki rayonunun Böyük Dəhnə kənd 1 saylı tam orta məktəbinin 7-ci sinfini bitirən 2005-ci il təvəllüdlü Məmmədov Siyafət Mənsur oğlu özündən başqa 13-14 nəfər sinif yoldaşı və müəllimləri ilə birgə Zaqatala rayonunun Car kəndinə gəzməyə gəlib. Yüksək dağlıq ərazidə gəzinti zamanı 13 yaşlı məktəbli dərədən axan çaya düşmək istəyərkən müvazinətini itirib və dərəyə yıxılıb. Yıxılan zaman isə onun başı daşa dəyib.

 

Ağır xəsarət alan S.Məmmədov şok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) Reanimasiya şöbəsinə daxil olub. Yeniyetməyə ağır qapalı kəllə-beyn travması və boyun fəqərəsinin sınığı diaqnozu təyin edilib, vəziyyəti ağır kimi qiymətləndirlir. S.Məmmədovun müayinəsi üçün Bakı şəhərindən həkim briqadası dəvət olunub.

 

13 yaşlı yeniyetmənin vəziyyəti hazırda ağır olaraq qalır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR