Gəncədə "Heydər Əliyev və Silahlı Qüvvələr" mövzusunda konfrans keçirilib
Gəncədə Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr" mövzusunda elmi-praktik konfrans keçirilib.
APA TV-nin məlumatına görə, konfransda FHN işçilərinin Həmkarlar İttifaqının rəhbərliyi, FHN-nin Gəncə Regional Mərkəzinin əməkdaşları və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, ilk rəsmi silahlı qüvvələrimiz 1918-ci il 26 iyunda yaradılsa da, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra ordu quruculuğu prosesi dayanıb. Lakin Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb. Bakıda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Bu məktəb Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib. Natiq əlavə edib ki, ümummilli lider 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi zaman, milli ordunun olmadığı bir vaxtda Naxçıvanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən müdafiə etmək üçün Naxçıvan Milli Müdafiə Komitəsini yaradıb və bunun nəticəsi olaraq erməni işğalının qarşısı alınıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinə yenidən qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilib, nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələr formalaşıb.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin islahatları daha da genişləndirib və nəticədə Azərbaycan ordusu regionun ən qüdrətli silahlı güclərindən birinə çevrilib.
Daha sonra Gəncə Dövlət Universitetinin professoru, tarix elmlər doktoru Həsənbala Sadıqov çıxış edərək, AXC dovründə ordu quruculuğuna geniş nəzər salıb.
FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Asif Məmmədli bildirib ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq