Rusiya və Səudiyyənin hegemonluq cəhdi, İrandan etiraz - OPEC SAMMİTİNDƏ QALMAQAL

OPEC ölkələri arasında hasilat səviyyəsi ilə bağlı razılaşmaya rəğmən birjalarda neftin qiyməti sürətlə artıb.

 

APA TV-nin məlumatına görə, son ticarət seanslarında "Brent" markalı "qara qızılın" qiyməti 75,7 dollar olub. Qiymət artımı rekorduna isə Qərbi Texas markası imza atıb. Belə ki, hərraclarda WTI neftinin qiyməti 69,22 dollar təşkil edib.

 

OPEC-in Vyana sammitində müzakirə olunan hasilat limitinin artımı məsələsini Moskva  və Ər-Riyad dəstəkləyərək, bunu bazardakı vəziyyəti stabilləşdirmə cəhdləri ilə əsaslandırıb. Nəticədə hasilatın sutkada 1,5 milyon barelədək artırılmasına qərar verilib.

 

Səudiyyə Ərəbistanı digər kartel üzvlərini bu qərarı dəstəkləməyə çağırıb. İran, İraq və  Venesuela isə yenə də etiraz mövqeyi tutub.

 

Rəsmi Bağdad hasilat artımı qərarını sentyabr ayınadək təxirə salmağı təklif edib, Tehran isə bu gün keçiriləcək OPEC+ iclasına qatılmayacağını açıqlayıb. Etirazlara rəğmən, razılaşmanın iyulun 1-dən qüvvəyə minəcəyi bildirilib.

 

Bu arada Rusiya ilə Səudiyyə Ərəbistanı OPEK+ üzvü olan 24 ölkənin iştirakı ilə yeni təşkilatın yaradılmasını təklif edib. İdeyaya əsasən, yeni təşkilatda hegemonluq iri neft hasilatçılarında olacaq və quruma Moskva ilə Ər-Riyad nəzarət edəcək.

 

Bir faktı da qeyd edək ki, OPEC Nazirlər Şurasının son iclasında Konqo kartelə 15-ci üzv kimi qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR