Göyçayda selin dağıtdığı körpü istifadəyə verildi - 20 GÜNDƏN SONRA

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatdırılıb və körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu münasibətlə iyunun 21-də keçirilən tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və agentliyin rəhbər şəxsləri, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirak edib. Tədbir zamanı bildirilib ki, ölkəəhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən körpünün yanaşma yolunun selin təsirindən dağılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib, yolun bağlanması səbəbindən insanlar çox əziyyət çəkib.

 

Qeyd edilib ki, sel nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün yanaşma yolunun 30 metrlik hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti 20 gün ərzində dayanıb, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İyunun 3-dən isə körpünün yenidən bərpası işlərinə başlanılıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb. Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan monolit dəmir-beton istinad divarı qurulub, ərazidə torpaq bərkitmə işləri görülüb. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bugünədək əraziyə təxminən 22 min kubmetrdən artıq torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb.

 

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmir-bərpa işləri bitmək üzrədir:

 

"Körpünün yanaşma yolunun bərpası işlərinə 30-dan çox ağır texnika və 50-dək işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilib. Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, orada təmir-bərpa işləri hələ davam etdiriləcək. Hazırda körpünün alt hissəsində, dayaqlarında və ətrafında əlavə bərkitmə-bərpa işləri davam etdirilir, yeni monolit-beton istinad divarları inşa edilir".

 

Xatırladaq ki, körpünün yanaşma yolu dağıldığı üçün iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedirdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR