Mühəndis-İstehkam Qoşunları taktiki-xüsusi təlim keçirib

Bu gün müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Mühəndis-İstehkam Qoşunlarının hissə və bölmələri taktiki-xüsusi təlim keçirib. 

 

APA TV-nin xəbərinə görə, təlimlərdə əsas diqqət şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi və onların mənəvi-psixoloji dözümlülüyünün artırılmasına yönəldilib.

 

Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Sonra 3 təlim nöqtəsində müxtəlif tapşırıqlar icra edilib.

 

1 nömrəli təlim nöqtəsində bölmələrin cəmləşmə rayonunun elementlərinin mühəndis cəhətdən hazırlanmasının və məşğələlərin keçirilməsinin nümayişi olub.

 

2 nömrəli təlim nöqtəsində mühəndis-istehkam, maneə ləğvetmə və mühəndis-yol bölmələri tərəfindən mühəndis təminatı tapşırıqlarının praktiki yerinə yetirilməsindən ibarət olub. Real olan təmas xəttinin bir fraqmenti mühəndis poliqonunda hazırlanıb, düşmənin mühəndis maneələr sistemi qurulub.

 

3 nömrəli təlim nöqtəsində isə ponton körpü bölüyünün su maneələri üzərindən bölmələrin keçirilməsi icra olunub.

 

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi üzrə komandirlərin bölmələri idarəetmə bacarığını praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun qərar qəbul etmək və vəziyyəti qiymətləndirməkdən ibarətdir.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR