"Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış" kitabının təqdimatı olub

"Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış" adlı kitabın təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən kitabın müəllifi Akif Aşırlı tədbir iştirakçılarına kitab barədə məlumat verib.

 

O, cümhuriyyət dövründə hərbi çağırış və səfərbərlik üzrə məsələlərin kifayət qədər araşdırılmadığını diqqətə çatdırıb və əsərdə çar Rusiyası dövründən sonra ölkəmizin hərbi sistemində qarşılaşdığı problemlərə toxunduğunu bildirib. O həmçinin kitabın ərsəyə gəlməsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidmətinin rəisi Arzu Rəhimova təşəkkürünü bildirib: "Ümumiyyətlə mən belə hesab etdim ki, ən yaxşı halda bizim ordu quruculuğumuzun ən mühüm elementi olan hərbi çağırış və səfərbərliyin fəaliyyətini tədqiq etmək qürur verici haldır".

 

Daha sonra tarixçi millət vəkili Musa Qasımlı hərbi xidmət barədə müxtəlif mənbələrdən oxuduğu xatirələri dinləyicilərlə bölüşüb və  çar hakimiyyəti dövründə hərbi xidmət sahəsində azərbaycanlılara qarşı edilən ayrı-seçkilikdən danışıb: "Sizi qarşıdan gələn Silahlı Qüvvələr günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, ordumuz daim müzəffər olsun, üçrəngli bayrağımız həmişə göylərdə dalğalansın, dövlətimiz həmişə qalib olsun".

 

Kitab barədə fikirlərini bölüşən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev kitabın Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi və həmin dövrdə hərbi səfərbərlik sahəsində görülən işlərlə yaxından tanışlıq üçün lazımlı bir vasitə olduğunu diqqətə çatdırıb: "Bilirsiniz ki, Azərbaycan son dövrlər yerli və beynəlxalq tədbirlərin keçirilməsi baxımından çox mühüm təcrübə qazanmışdır. Bu Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və ölkəmizin sosial-iqtisadi inkişafı, ictimai-siyasi proseslərin qanunauyğun şəkildə təşkil edilməsi və mədəni həyatımızda baş verən dəyişikliklərlə əlaqədardır".

 

Vüqar Əliyev həmçinin əlavə edib ki, Azərbaycan şərqdə ilk demokratik hökumətin yaradıcısı olub və sovet hakimiyyəti dövründə və ondan sonra Heydər Əliyev Azərbaycanın yenidən müstəqilliyini əldə etməsi yolunda əvəzsiz işlər görüb.

 

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov kitabın təqdimat mərasiminin özünün belə tarixi bir hadisə olduğunu və hərbi çağırış və səfərbərlik üzrə məsələlərin daha çox araşdırılmasının vacibliyini diqqətə çatdırıb: "Səfərbərlik xidmətinin rəisi kimi onu qeyd edə bilərəm ki, mən özüm bu kitabla tanış olduğum zaman nə qədər maraqlı olduğunu gördüm. Biz dərin araşdırmalarla bu kitabın ərsəyə gəlməsinə nail olduq".

 

Tədbirin sonunda xidmət rəisi general-leytenant Arzu Rəhimov müəllif Akif Aşırlını və Heydər Əliyevin 95 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə yaxından iştirakına görə "Dünya" jurnalının baş redaktoru Seyfəddin Hüseynlini  fəxri diplomla təltif edib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR