İran inad, Səudiyyə israr edir - NEFT ÖLKƏLƏRİ QARŞI-QARŞIYA

OPEC və qeyri kartel ölkələrinin monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcminin sutkada 1 milyon barel artırılmasını nəzərdən keçirməyi tövsiyə edib.

 

APA TV-nin məlumatına görə, tövsiyədə bəzi ölkələr üçün "xüsusi yanaşma" tətbiq ediləcək.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir həmçinin qeyd edib ki, təklifə iyunun 22-də keçiriləcək OPEC sammiti  və OPEC+ çərçivəsində baş tutacaq ümumi görüşdə baxılacaq.

 

İranın enerji naziri Bijan Zəngani isə toplantını tərk edərək, sammitdə sözü gedən razılaşmanın əldə olunmayacağını iddia edib.

 

Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih də sammit öncəsi məsələyə münasibət bildirib: "Gündəlik bir milyon barel artım limiti nəzərdə tutulur, bu, nominal bir dəyərdir. Lakin bəzi ölkələrin buna cavab verə bilməmə ehtimalı bazara çıxarılacaq rəqəmin daha az olacağına dəlalət edir".

 

OPEC-in razılaşma əldə olunacağı təqdirdə bazara real olaraq çıxaracağı əlavə neft həcminin 600 min barel təşkil edəcəyi bildirilir.

 

Təşkilatın qərarı bazara ciddi təsir göstərib. Sutka ərzində "Brent" neftinin bir barelinin qiyməti 73 dollardan da aşağı düşüb, sonra yenidən bahalaşaraq 73,85 dollara satılıb. Bu, ötən gün qeydə alınan qiymətdən xeyli ucuzdur. Qərbi Texas markası isə bir dollara qədər ucuzlaşdıqdan sonra iki dollar bahalaşıb. WTI nefti hazırda 66,24 dollardan təklif olunur.

İki marka arasında qiymət fərqi 7 dollara yaxınlaşır. OPEC üzvlərinin və Rusiyanın istehsalı artırmaqla bağlı çıxışlarından əvvəl bu fərq 11 dollar idi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR