DÇ-2018: Fransa və Xorvatiya 1/8 finalda, Argentinanın işi çətinləşdi
Dünya çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilib. C qrupunda II tura yekun vurulubsa, D qrupunun bir görüşü baş tutub.
APA TV-nin məlumatına görə, ilk turda Peru üzərində minimalhesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gəlib. 1:1 hesablı bərabərliklə başa çatan görüşdə hesabı 7-ci dəqiqədə danimarkalı Kristian Eriksen açıb. Oyunun 39-cu dəqiqəsində isə Avstraliya komandasının kapitanı Mayl Yedinak penalti zərbəsindən vurduğu qolla Danimarkanı ikinci qələbə sevincindən məhrum edib.
Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa da Peru komandası ilə üz-üzə gəlib. Didye Deşamın komandası minimalhesablı qələbə ilə növbəti mərhələyə vəsiqəni təmin edib. Qola 34-cü dəqiqədə Mbappe imza atıb.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxıb. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə qarşılaşıb. Cənubi Amerikalılar bu dəfə meydandan boynubükük ayrılıb. Xorvatiya Messi və komanda yoldaşlarını 3 qolla məyus edib.
Oyuna hər iki komanda fəal başlasa da, üstünlük xorvatlarda olub. Bu fəallıq qarşılaşmanın 54-cü dəqiqəsində özünü göstərib. Rebiç argentinalıların qapıçısı Villi Kabalyeronun buraxdığı səhvi bağışlamayıb və hesabı açıb.
81-ci dəqiqədə xorvatlar daha bir dəfə fərqlənib və argentinalıları oyuna mərkəzdən başlamağa vadar edib. Bu qolun müəllifi isə Modriç olub.
Əsas vaxt bu hesabla bitib və qazaxıstanlı hakim qarşılaşmaya əlavə vaxt təyin edib. Bu isə Xorvatiya millisinə Argentina yığmasını məyus etmək üçün əlavə şans yaradıb. Bu dəfə Rakitiç əlavə vaxtın ilk dəqiqəsində Kabalyeronun qoruduğu qapının torunu silkələyib - 3:0.
Bu qələbə həm də Daliçin yetirmələrinin 1/8 finala vəsiqəsi olub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq