Gədəbəydə üç avtomobil yolu təmir olunur
Bu, respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 km-lik Çanaqçı-Haçaqaya və 2,9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.
APA TV-nin xəbərinə görə, Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan, yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün 17,5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılıb.
Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdə uzunluğu 223 paqon-metr olan müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı suötürücü boruların başlıqları dəmir-betonla təmir olunub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1,2 metr genişləndirilib, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlər quraşdırılıb və avtoqreyderlə tələb olunan yerlərdə küvetlər açılıb.
Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının asfalt-beton qarışığı ilə tikintisi işlərinə başlanılıb. Artıq yolun 13 km-lik hissəsinin alt layının asfalt-betonla tikintisi yekunlaşdırılıb, digər hissələrdə isə davam etdirilir. Ümumilikdə yolun 120 min kv. m sahəsinə 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Bundan başqa yollar boyu 6 yerdə uzunluğu 82 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlarla optimal qum-çınqıl materialı ilə tikintisi işləri də aparılır.
Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəyi, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 km yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımı sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq