Şəkidə bir gündə 7 nəfəri it dişlədi - 3-Ü AZYAŞLIDIR
Şəkinin Baş Göynük kəndində bir gündə üçü azyaşlı olmaqla yeddi nəfəri sahibsiz it dişləyib.
APA TV-nin yerli bürosunun məlumatına görə, dünən günorta saatlarından axşam saat 19:30 radələrinə kimi rayonun Baş Göynük kənd sakinlərindən 7 nəfəri sahibsiz it dişləyib. Onlardan 3-ü azyaşlı uşaqdır.
Kənd sakinləri bildirib ki, quduz olduğu ehtimal olunan it təkcə sakinləri deyil, eyni zamanda bir neçə iribuynuzlu heyvanı da dişləyərək xəsarət yetirib. Azyaşlılardan birini evin gəlini itin ağzından xilas edib. (interşum var).
Sakinlər, ümumiyyətlə, kənd ərazisində sahibsiz itlərin çox olduğunu və dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, onların şikayətlərinə baxılmadığını deyirlər. Elə quduz olduğu ehtimal olunan həmin iti də kənd sakinləri zərərsizləşdiriblər.
Kənd bələdiyyəsindən isə bildiriblər ki, mal-qarasını it dişləyənlərə təlimat verilib ki, heyvanları bağlı saxlasınlar və südündən istifadə etməsinlər.
Kəndin yeddi sakini 73 yaşlı Niyazi Mahmudov sol əlin said nahiyəsinin, 25 yaşlı Gülnaz Abdullayeva sağ sarğı nahiyəsinin, 6 yaşlı Nardanə Abdullayeva başın alın nahiyəsinin, 4 yaşlı Aynur Abdullayeva başın alın nahiyəsinin, 44 yaşlı Nəsimi Saatov sağ qolun və qarnının sol hissəsinin, 6 yaşlı Eşqin Mahmudov başın və sol ayağın baldır nahiyəsinin, 65 yaşlı Nəhayət Məmmədova isə sol qolun bazu nahiyəsinin it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.
Xəstəxanadan bildirilib ki, müraciət edənlərin hamısına lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Şəki Rayon Baytarlıq İdarəsindən isə qeyd olunub ki, həmin itin quduz olub-olmadığını yoxlamaq üçün götürülən nümunə artıq ekspertiza üçün göndərilib. Görülən tədbirlərə gəldikdə isə iki il qabaq quduzluq əleyhinə tədbirlər görülsə də, hazırda yalnız sahibi olan itlərə nəzarət olunur.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq