Təhsil naziri: "Qəbul imtahanlarında fənlərin sayı 5-dən 3-dək azaldılacaq"
Bu gün Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə baş nazirin müavini Əli Əhmədov, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Nazirliyin şöbə müdiri Emin Əmrullayev çıxışında dövlət büdcəsi hesabına məktəbəhazırlığın təşkilinin 5-6 yaşlı uşaqlar arasında 65 faizi əhatə etdiyini, son 6 ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması hallarının 12 faizdən ötən il 6 faizə endiyini bildirib.
Bundan əlavə, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb. 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub.
Nazir Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır: "Birinci üstünlük ondan ibarətdir ki, məktəbin buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul olunmaq üçün birinci hissə olaraq nəzərə alınacaq. Hesab edirik ki, məktəb qiymətləndirilməsinin əhəmiyyətinin vacibliyi baxımından bu çox fundamental dəyişiklikdir. Növbəti müsbət hal ondan ibarətdir ki, buraxılış və qəbul imtahanları üçün nəzərə alınacaq ikinci hissə, hansı ki, biz şərti olaraq hər zaman qəbul imtahanları adlandırırdıq, o hissə qalacaq, lakin orada fənlərin sayında 5 fəndən 3 fənə qədər azalma olacaq".
Təhsil naziri eyni zamanda "Təhsil haqqında" qanunda edilən dəyişiklikləri diqqətə çatdıraraq bildirib ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur: "Birinci məsələ ondan ibarətdir ki, beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə abituriyent olmuş şəxslər müvafiq şərtləri yerinə yetirmək şərti ilə ali təhsil müəssisələrinə qəbul olduqda, eyni tədris ilində onlara müsabiqədənkənar - yaxud fərqli ali təhsil müəssisələrinə qəbul mexanizminin yaradılması nəzərdə tutulur. Digər dəyişiklik isə ondan ibarətdir ki, beynəlxalq fənn olimpiadalarında qalib olmuş şəxslər istənilən ixtisas üzrə, respublika fənn olimpiadasında qalib gələnlər isə öz ixtisasına uyğun olaraq müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər".
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycanda orta təhsil səviyyəsində əlçatanlıq tam təmin edilib: "Azərbaycan əhalisinin 1,3 faizini tələbələr təşkil edir ki, bu rəqəm dünya göstəricisindən aşağıdır. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti də dəyişməlidir. Hesab edirəm ki, tələbə qəbulu ilə bağlı reqlament dəyişsə, daha yaxşı nəticələr əldə olunar".
Hesabat tədbirində "Təhsil" televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı videoçarx nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq